Azərbaycan hökuməti 2017-ci ildə Avtomobil Yolu Fondunun məqsədli büdcəsinə daxilolmaları 261 mln. manat səviyyəsində proqnozlaşdırır ki, bu da 2016-cı ilin göstəricisindən 10% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən bildirilib.
Gələn il bu məqsədli fondun vəsaitləri 2016-cı ildə 7 mənbəyə qarşı 8 mənbə hesabına formalaşacaq. Fondun vəsaitlərinin bir hissəsi 2017-ci ildə idxal edilən avtomobillər üçün gömrük rüsumlarının alınması hesabına formalaşacaq. Gələn il onların həcmi 40,7 mln. manat (2016-cı ilə olan proqnozla müqayisədə azalma 37,1% – İF-Az) səviyyəsində proqnozlaşdırılır.
Bundan başqa, avtomobillərin respublikaya idxalı üçün aksizlərin alınmasından fonda daxilolmalar 28 mln. manat (azalma 37,8%), nəqliyyat vasitələrinin bütün növlərinin illik texniki baxışı üçün alınan dövlət rüsumu şəklində 15,5 mln. manat (dəyişməyib) səviyyəsində planlaşdırılır.
Yol vergisi üzrə daxilolmalar 89 mln. manat (artım 2,3%), sərnişinlərin və yüklərin daşınması ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş verginin ödənişindən 7 mln. manat (azalma 30%), Azərbaycan ərazisindən avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarına icazələrin verilməsi üçün dövlət rüsumunun alınmasından 12,5 mln. manat (dəyişməyib) təşkil edəcək.
Bundan başqa, 2017-ci ildə dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərindən ayrılan vəsaitlər üzrə fonda daxilolmalar 67,3 mln. manat səviyyəsində (artım 21,7%) təsdiq edilib.
2017-ci ildə Fonda yeni vəsait mənbə qismində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr üzrə daxilolmalar 1 mln. manat həcmində proqnozlaşdırılır.
Avtomobil Yolu Fondu ölkə prezidentinin 13 oktyabr 2006-cı il tarixli fərmanı əsasında yaradılıb. **
A.Axundov