"Foriella" MMC Balaxanı Sənaye Parkı ərazisində mebel istehsalının təşkilinə 3 mln. manat investisiya qoyacaq. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
"Bu ilin sentyabr ayında rezidentlik statusu alan "Foriella" MMC müxtəlif növ mebel məhsulları (mətbəx, qonaq, yataq və s.) istehsal etməyi planlaşdırır. İnvestisiya məbləği 3 mln. manat təşkil edəcək layihə 4000 kvadratmetr sahəni əhatə edəcək”, - deyə məlumatda bildirilir.
İstehsalatda 150-ə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulub.
Hazırda sənaye parkının 5 rezidenti var. Rezidentlər tərəfindən sənaye parkına 23,4 mln. manatdan çox investisiyanın yatırılması, həmçinin 300-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Daha əvvəl iqtisadiyyat naziri Şahin Mustafayev bildirmişdi ki, sənaye parkı ərazisində infrastruktur işləri 2016-cı ilin sonunadək başa çatacaq.
Balaxanı Sənaye Parkı Azərbaycan Respublikası prezidentinin 28 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsis edilib və 2012-ci il dekabrın 19-da dövlət başçısının iştirakı ilə əsası qoyulub. Parkın yaradılmasında məqsəd təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şəraitin yaradılması, ölkədə yaşıl biznesin, tullantıların təkrar emalı sənayesinin inkişaf etdirilməsidir. Parkın ərazisi 7 hektar təşkil edir.*
A.Axundov