Bakının ATƏT-in Minsk qrupunun həmsədrlərindən gözləntisi fərdi deyil, institusional xarakter daşıyır. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
"ABŞ-dan olan həmsədr Ceyms Uorlikə gələcək fəaliyyətində uğurlar arzu edirik. Ümumiyyətlə, bizim ATƏT-in Minsk qrupunun həmsədrlərindən gözləntimiz fərdi deyil, institusional xarakter daşıyır”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, instutusional olaraq ATƏT-in Minsk qrupunun həmsədrləri mandatlarına uyğun olaraq, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri,BMTTəhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı əsasında həllini təmin etməlidirlər.
“Nəticə etibarilə, ATƏT-in Minsk qrupu həmsədrlərinin dövlət başçıları səviyyəsində qəbuledilməz və qeyri-davamlı hesab etdiyi status-kvo dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi isə işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını tələb edir”, - deyə H.Hacıyev vurğulayıb.
XİN rəsmisi təəssüflə bildirib ki, ötən 20 ildən çox müddət ərzində Azərbaycan əraziləri işğaldan azad edilməyib və regionda davamlı sülh və təhlükəsizlik təmin olunmayıb.*
F.İsazadə