2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 5,7 min nəfərə yaxın vəzifəli şəxsin ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılıb. Bu barədə ədliyyə naziri Fazil Məmmədov məlumat verib.
«Məhkəmə qərarları əsasında 5,695 min vəzifəli şəxsin ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılıb», - deyə o, “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirib.
Nazirin sözlərinə görə, 2015-ci ilin 9 ayı ilə müqayisədə cari ilin müvafiq dövründə məhkəmə qərarlarının icrası ilə bağlı işlərin sayı 60%-dən çox artıb. «9 ay ərzində 230 mindən çox işin icrası təmin edilib», - deyə o vurğulayıb.
F.Məmmədov qeyd edib ki, hesabat dövründə 3,702 min nəfər məhkəmə qərarlarının icra edilməməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilib. «O cümlədən 2,441 min nəfər inzibati qaydada həbs edilib, 260 şəxs barəsində cinayət işi açılıb», - deyə o əlavə edib.*
R.Babayev