Avropa İttifaqı Şurası tərəfindən Azərbaycan ilə hərtərəfli razılaşmanın hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına və Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Federiko Mogeriniyə mandat verilməsi Aİ-nin üzv-ölkələri ilə ticarət əlaqələrinin inkişafına müsbət təkan verə bilər.
“Bu cür saziş Azərbaycanla Aİ-nin ayrı-ayrı ölkələri arasında ticarət əlaqələrinin inkişafına müsbət təsir göstərə bilər. Azərbaycanla Aİ arasında münasibətlərdə pauza yaranmışdı. Hazırki mərhələdə əməkdaşlığımız 1996-cı ildə imzalanan tərəfdaşlıq sazişinə əsaslanır. Bugün strateji tərəfdaşlıq lazımdır. Biz Azərbaycanı Avropanın bir hissəsi olaraq görürük”, - deyə İsveçin Bakıdakı müvəqqəti işlər vəkili Tomas Danestad “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavabında bildirib.
O həmçinin qeyd edib ki, 2016-cı ildə Azərbaycanla İsveç arasında ticarət dövriyyəsi azalıb, “lakin bu, dünyanın bir çox ölkələrinə aid olan qlobal tendensiyadır”.
“2015-ci ildə İsveç mallarının Azərbaycana ixracı $80 mln. təşkil edib. 2016-cı ilə gəlincə, hələlik əlimizdə konkret rəqəmlər yoxdur. Ölkələrimiz arasında ticarət bir qədər azalıb”, - deyə diplomat qeyd edib.
T.Danestadın sözlərinə görə, Azərbaycandan İsveçə ixracın həcmi o qədər də yüksək deyil. Əsasən, xammal və neft-qaz sahəsinin məhsulları ixrac olunur.
“Bu gün İsveç özünü tam olaraq nüvə enerjisi, həmçinin su elektrik stansiyaları və bərpa olunan enerji mənbələri hesabına təmin edir. Həmin sahələrdə, o cümlədən İKT sahəsində münasibətlərin inkişaf potensialı var. Düşünürəm ki, ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş qüvvəyə minəndən sonra iki ölkə arasında əməkdaşlığın daha da artmasının şahidi olacağıq”, - deyə diplomat vurğulayıb. **
F.İsazadə