Azərbaycan və Qətər iki ölkənin hökumətləri arasında işçi qüvvəsinin əmək fəaliyyətinin tənzimlənməsi haqqında saziş imzalamağı planlaşdırır.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qətər Dövlətinin səfiri Yusif bin Həsən Yusif əl-Saai ilə görüş zamanı bu cür sazişin hazırlanması barədə Qətərin təklifinin məqsədəuyğun olduğunu bildirib. Bu barədə nazirlikdən məlumat verilib.
“Həmin saziş çərçivəsində Qətər dövlətindən yerli əmək bazarında bir sıra sahələrdə tələb olunan ixtisaslar üzrə mütəxəssislərin Azərbaycana, həmçinin Qətər dövlətində 2022-ci ildə təşkil olunacaq futbol üzrə dünya çempionatına hazırlıqla bağlı geniş həcmdə görülən işlərə Azərbaycandan da əmək resursları cəlb oluna bilər”, - deyə S.Müslümov bildirib.
Səfir Yusif bin Həsən Yusif əl-Saai İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılmasının müvafiq sahələrdə əlaqələrin inkişafında mühüm rol oynayacağına əminliyini bildirib.
O, digər sahələrdə olduğu kimi, əmək, məşğulluq və sosial müdafiə sahələrində də əməkdaşlığına töhfə vermək əzmi ilə səylər göstərəcəyini vurğulayıb.
Görüşdə iki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın mövcud vəziyyətinə və gələcək inkişaf istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. **
R.Babayev