Vaşinqton Azərbaycanla hərtərəfli əməkdaşlığın dərinləşməsinə sadiqdir. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşavirinin müavini Bridcet Brink bəyan edib.
“Bir daha Azərbaycanla əməkdaşlığa dərin sadiqliyimizi ifadə etmək istərdik. Müstəqil, stabil və demokratik Azərbaycanla işləməyə davam edəcəyik”, - deyə B.Brink bu gün Bakıda mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycana səfər çərçivəsində hökumət, vətəndaş cəmiyyəti və müxalifət nümayəndələri ilə görüşlər keçirib. “Həmin görüşlər zamanı ikitərəfli əlaqələrin dərinləşməsi və inkişafı məsələsini müzakirə etdik. Bununla yanaşı, təhlükəsizlk, terrorçuluq və transmilli cinayətkarlıqda mübarizə məsələlərinə toxunduq”, - deyə o vurğulayıb.
B.Brink əlavə edib ki, Bakıda həmçinin iqtisadiyyat, xüsusilə energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib. “Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu yüksək qiymətləndiririk. O cümlədən, ölkədə həyata keçirilən iqtisadi islahatlara toxunduq. Bu addımların korrupsiyanın aradan qaldırılması, şəffaflığın təminatı və insan haqqlarının müdafiəsindəki rolu qeyd edilib”, - deyə o bildirib.
Onun sözlərinə görə, keçirilən görüşlər çərçivəsində həmçinin Azərbaycanın məhkəmə-hüquq sisteminin inkişaf məsələləri müzakirə olunub.
B.Brink bəyan edib ki, Vaşinqton Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında fərmanını yüksək qiymətləndirir. **
F.İsazadə