Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Gender bərabərliyi üzrə 2017-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın layihəsini hazırlayır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
«2017-2020-ci illərdə ailə, qadın və uşaq problemlərinin həlli sahəsində əsas istiqamətlər “Azərbaycan ailəsi strategiyası” və Uşaq Məcəlləsinin hazırlanması üzrə işlərin davam etdirilməsi ilə bağlı olacaq», - deyə gələn il üçün büdcə materiallarında qeyd edilir.
Komitə qısamüddətli dövrdə “Azərbaycan Respublikasındainsan alverinə qarşı mübarizəyədair2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə bağlı tədbirləri davam etdirəcək.
«Bu 4 il ərzində sağlam həyat tərzi və reproduktiv sağlamlığın təbliğinə, əhali arasında qan qohumluğunun və erkən nikahın fəsadları, nikahdan əvvəl tibbi müayinənin və nikah müqaviləsinin əhəmiyyəti barədə maarifləndirmə işlərinin aparılmasına da diqqət ayrılacaq», - deyə materiallarda bildirilir.
Bundan başqa, 2017-2020-ci illərdə Azərbaycan Qadınlarının V Qurultayının və IV Ümumrespublika Uşaq Forumunun keçirilməsi planlaşdırılır.*
R.Babayev