Azərbaycan və BMT-nin Asiya və Sakit Okean regionu üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) arasında Niyyət Protokolu imzalanacaq. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
İqtisadiyyat nazirinin müavini Sahil Babayevin UNESCAP-ın icraçı katibinin davamlı inkişaf üzrə müavini Kaveh Zahidi ilə görüşü zamanı buna dair razılıq əldə olunub.
“Nazir müavini Azərbaycanın UNESCAP-la iqtisadi əməkdaşlığın təşviqi, layihələrin həyata keçirilməsi, texniki yardımların göstərilməsi və potensialın gücləndirilməsi istiqamətində fəal əməkdaşlığı diqqətə çatdırıb. Görüşdə gələcək əməkdaşlıq perspektivlərinin müəyyən olunması üçün Azərbaycanla UNESCAP arasında Niyyət Protokolunun hazırlanması təklif edilib”, - deyə məlumatda deyilir.
K.Zahidi təmsil etdiyi qurumun Azərbaycanla uğurlu əlaqələrini qeyd edib.
Bundan başqa, Azərbaycan və BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) arasında əməkdaşlıq imkanları və potensialına dair Çərçivə Memorandumunun imzalanması planlaşdırılır. İqtisadiyyat nazirinin müavini Sahil Babayevlə BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı direktoru Kristian Fris Baxa ilə görüşü zamanı bu cür razılıq əldə edilib. **
F.İsazadə