Azərbaycan ilə İran mütəxəssislərin iştirakı ilə iki ölkənin Müdafiə Nazirliklərinin hərbi-texniki əməkdaşlıq üzrə müştərək komissiyasının yaradılması barədə fikir mübadiləsi aparıblar.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov İranın Bakıdakı yeni təyin olunmuş səfiri Cavad Cahangirzadə ilə görüş zamanı ikitərəfli hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə edib. Bu barədə nazirlikdən məlumat verilib.
“Müdafiə naziri Azərbaycan-İran münasibətlərinin inkişafında ölkə rəhbərlərinin görüşlərinin mühüm rol oynadığını və hərbi sahədə də əlaqələrin ikitərəfli əməkdaşlıq planına uyğun olaraq uğurla davam etdiyini vurğulayıb”, - deyə məlumatda deyilir.
İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Bakıya dostluq səfərinin yüksək səviyyədə həyata keçirilməsindən məmnunluq ifadə edən səfir bu cür səfərlərin qarşılıqlı və intensiv şəkildə təşkil olunmasının vacibliyini xüsusi qeyd edib.
“Hərbi sahədə əlaqələrin perspektivlərinə toxunan tərəflər bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsi, birgə planların işlənilməsi, qarşılıqlı səfərlərin təşkili, o cümlədən mütəxəssislərin iştirakı ilə iki ölkənin Müdafiə Nazirliklərinin hərbi-texniki əməkdaşlıq üzrə müştərək komissiyasının yaradılması barədə fikir mübadiləsi aparıblar”, - deyə məlumatda vurğulanır
Görüşdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti, eləcə də hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivləri, regional problemlər də müzakirə olunub. **
R.Babayev