Rəsmi Bakı Avropa Şurası Parlament Assambleyası ilə konstruktiv dialoqun davam etdirilməsində maraqlıdır. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının Avropa Mühafizəkarları Qrupunun sədri Yan Liddel-Qrenqer ilə görüş zamanı bəyan edib.
“E.Məmmədyarov Azərbaycanın Avropa Şurası Parlament Assambleyası ilə uğurlu əməkdaşlıq etdiyini bildirərək, əlaqələrin bundan sonra da konstruktiv dialoq və anlaşma şəraitində genişləndirilməsi üçün səylərin artırılacağına əminliyini ifadə etdi”, - deyə XİN-in məlumatında deyilir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verən nazir güc tətbiqi yolu ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmasının qəbuledilməz olduğunu vurğuladı.
Yan Liddel-Qrenqer Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında fəal rolunu diqqətə çatdırdı.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. **
R.Babayev