Prezident İlham Əliyev dərman satışı və idxalı zamanı qanun pozuntusuna yol verənlərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 14 oktyabr tarixli qanunun tətbiqi barədə fərman imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sənədə əsasən bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər 1,5 min manatdan 2 min manatadək məbləğdə, hüquqi şəxslər 5 min manatdan 7 min manatadək məbləğdə cərimə ediləcək.
Dərman vasitələrinin dövlət qeydiyyatına alınmasından və ya qiymətlərinin tənzimləməsindən əsassız imtina edilməsinə, qeydiyyata almaq və ya qiymətlərinin tənzimlənməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, habelə qeydiyyata almaqda və ya qiymətlərinin tənzimlənməsində süründürməçiliyə yol verilməsinə görə vəzifəli şəxslər 500 manatdan 800 manatadək məbləğdə cərimə ediləcək.
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin qiymətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənmədən satışına görə vəzifəli şəxslər 1,5 min manatdan 2 min manatadək məbləğdə, hüquqi şəxslər 5 min manatdan 7 min manatadək məbləğdə cərimə ediləcək.
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satışına görə vəzifəli şəxslər 1 min manatdan 1,5 min yüz manatadək məbləğdə, hüquqi şəxslər 3 min manatdan 5 min manatadək məbləğdə cərimə edilir.
Məcəllənin 221.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər 2 min manatdan 2,5 min manatadək məbləğdə, hüquqi şəxslər 7 min manatdan 9 min manatadək məbləğdə cərimə edilir.
Məcəllənin 221.2-ci və 221.3-cü maddələrində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 2,5 min manatdan 3,5 min manatadək məbləğdə, hüquqi şəxslər 7 min manatdan 9 min manatadək məbləğdə cərimə ediləcək. **
R.Babayev