Əmlak Məsələləri Dövlət Komitəsi bir sıra qeyri-profil dövlət müəssisə və obyektlərini özəlləşdirməyi planlaşdırır. Bu barədə Komitədən məlumat verilib.
“Özəlləşdirilməyə açılan yeni qeyri-profil müəssisə və obyektlər sırasında Mərkəzi Dənizçilər Xəstəxanası, Bakı Dəmir Yolu Xəstəxanası, Bakı Vaqon Təmiri Zavodu, Sumqayıt Sənaye Kombinatı, “Sərhədçi” İdman İstirahət Mərkəzi var”, - deyə məlumatda deyilir.
Bundan başqa, Texniki Universitetin İdman Sarayı, Bakının Səbail və Nəsimi rayonlarında yeraltı dayanacaq kompleksləri, Mərdəkanda “Dalğa”, Xaçmazda “Nabran” istirahət mərkəzləri, İmişlidə Bəhrəmtəpə Dəmir Beton Zavodu, Balakəndə “Qubek Otel”, Qusarda “Şahdağ” istirahət zonaları kimi investorlar üçün cəlbecidi dövlət əmlakları var.
Ümumilikdə 352 dövlət müəssisə və obyekti özəlləşdirilməyə açılıb.
Komitə tərəfindən belə müəssisələrin restrukturizasiyası, inventarlaşdırılması, qiymətləndirilməsi və özəlləşməyə hazırlanması üzrə işlər başlanıb.
Belə müəssisələrin özəlləşdirilməsi bir neçə məqsədə nail olmağa imkan verəcək. İlk növbədə, başlıca məqsəd dövlət büdcəsinin üzərinə düşən yükün və əlavə dövlət xərclərinin azaldılmasıdır. Digər tərəfdən, onların özəlləşdirilməyə açılması əslində belə sahələrə yeni böyükhəcmli investisiyaların qoyulmasına zəmin yaradır. Sərmayə yatırımı bu müəssisələrin modern standartlara uyğun yenidən qurulması və müasir şərtlərlə daha keyfiyyətli xidmətlər göstərməsinə imkan verəcək. Nəhayət, yeni müəssisələrin özəllədirilməsi bu əmlakların tabe olduğu iri dövlət müəssisələrinin restrukturizasiyası baxımından da əhəmiyyətli olacaq. **
A.Əzizov