Rusiya parlamentinin yeni heyəti Azərbaycanla yeni dostluq qrupu formalaşdıracaq. Bu barədə Milli Məclisin sədri Oqtay Əsədov bəyan edib.
“Parlamentlərimizdə dostluq qrupları fəaliyyət göstərir. Rusiya Federasiyasının yeni parlamentində yeni qrup təşkil ediləcək. Əminəm ki, bu qrup ilə də səmərəli əməkdaşlıq davam edəcək”, - deyə O.Əsədov noyabrın 23-də Sankt-Peterburqda Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüş zamanı bildirib.
Parlamentin mətbuat xidmətinin məlumatına görə, O.Əsədov Bakı ilə Moskva arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayıb. “Əlaqələrimizin inkişafında dövlətlərimizin başçılarının qarşılıqlı rəsmi səfərlərinin böyük rolu olub. Prezidentlərin siyasi dialoqu sayəsində əlaqələrimiz strateji xarakter alıb. Parlament nümayəndə heyətlərimiz beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər”, - deyə məlumatda deyilir.
Onun sözlərinə görə, iki ölkə arasında 200-dən çox ikitərəfli sənəd imzalanıb.
“Bu onu göstərir ki, güclü hüquqi bazamız var. İqtisadi münasibətlərimiz sürətlə inkişaf edir. Azərbaycanda Rusiya kapitalı ilə 600-dən çox şirkət fəaliyyət göstərir. Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard dollardan çox sərmayə yatırıb. Azərbaycanın Rusiyadakı investisiyaları 1 milyard dollardan artıqdır”, - deyə spiker vurğulayıb.
İki ölkələrin parlamentləri arasında münasibətlərə toxunan V.Volodin Rusiya və Azərbaycan qanunvericilik hakimiyyətlərinin nümayəndələrinin intensiv dialoqu barədə deyib: “Ölkələrimizin sıx münasibətləri var, müxtəlif səviyyələrdə əlaqələr inkişaf edir. Biz konstruktiv münasibətlərin inkişafı istiqamətində səylərimizi davam etdirəcəyik”, - deyə o bəyan edib. .
Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın Şura, 45-ci plenar və təşkilatın daimi komissiyalarının iclaslarında iştirak etmək üçün Sankt-Peterburq şəhərində səfərdədir. **
R.Babayev