Ermənistan prezidenti Serj Sarkisyanın“Müstəqil Qarabağ” və “Qarabağın Ermənistana birləşdirilməsi” barədə bəyanatları beynəlxalq hüquqa və beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələrinə ziddir. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
“Ermənistan dövlətinin başçısının Dağlıq Qarabağın “müstəqil olmasını və ya Ermənistana birləşdirilməsi”ni görməyi arzulaması və hələ bundan bir qədər əvvəl “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” deməsi beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, Helsinki Yekun Aktına, digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələrinə köklü şəkildə ziddir”, - deyə o, AZƏRTAC-a müsahibəsində qeyd edib.
H.Hacıyevin sözlərinə görə, bu, bir daha sübut edir ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqı siyasətini yürüdür və Ermənistan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında danışıqlar yolu ilə həllinin tərəfdarı deyil, bu ölkənin danışıqlarda iştirakı imitasiya məqsədi daşıyır.
O, həmçinin vurğulayıb ki, Ermənistan konstitusiyana görə, ölkənin xarici siyasətini dövlət başçısı müəyyən edir və o, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını dediyi halda, digər şəxslər fərqli bəyanatlarla çıxış edirlər.
“Ermənistan prezidenti həqiqətən Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırsa, onda ilk addım kimi öz qoşunlarını işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarmalıdır. Ermənistan prezidentinin də şəxsən qatıldığı Sankt-Peterburq görüşündə müzakirə olunan təkliflər də bunu nəzərdə tutur. İndi Ermənistan tərəfi Sankt-Peterburq görüşündən irəli gələn məsələlərin həlli istiqamətində addımlar atmaq və qəbuledilməz hesab olunan status-kvonu dəyişmək əvəzinə, bəhanələrə əl atır, qəsdən insidentlərin araşdırılması kimi texniki məsələləri gündəliyə gətirməklə əsas hədəfdən yayınmağa cəhd göstərir”, - deyə mətbuat xidmətinin rəhbəri qeyd edib.
Qeyd edək ki, S.Sarkisyan Rusiya KİV-nə müsahibəsində bir tərəfdən Ermənistanın bütün dövlətlərin, cümlədən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və digər tərəfdən Dağlıq Qarabağın ya müstəqil, ya da Ermənistana birləşdirilməsini arzu etdiyini bildirib.*
F.İsazadə