Noyabrın 24-də Bakıda keçirilən Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun 6-cı iclasında sənaye, turizm, Azərbaycan məhsullarının Almaniyaya ixracı sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
“Bu gün biz sərmayə qoyuluşları, sənaye, Almaniya şirkətlərinin Azərbaycandakı sənaye parklarında fəaliyyət imkanları, turizm, energetika, neft-qaz, təhsil, ətraf mühitin mühafizəsi, Azərbaycan məhsullarının Almaniyaya ixracı ilə bağlı əməkdaşlıq məsələlərini, eləcə də tvinninq layihələrinin reallaşdırılmasının gedişini müzakirə edirik”, - deyə İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda Almaniya kapitallı 169 şirkət fəaliyyət göstərir.
«Almaniya investorlarıindiyədək Azərbaycanda əsas kapitala $488,3 mln., o cümlədənqeyri-neft sektorunda $405,4 mln. həcmində investisiya qoyub. Almaniya şirkətləri ölkəmizdə həyata keçirilən layihələrdə podratçı kimi də fəal iştirak edirlər», - deyə S.Vəliyev qeyd edib.
Aparat rəhbərinin sözlərinə görə, "Tvinninq" layihəsi üzrə əməkdaşlıq çərçivəsində 11 layihə icra olunub və hazırda 3 layihənin icrası üzrə işlər görülür. 2009-2016-cı illərdə 300-ə yaxın azərbaycanlı sahibkar və gənc menecer Almaniyada ixtisasartırma kursu keçib.
Almaniyanın İqtisadi Məsələlər və Enerji Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru Ekard Frants qeyd edib ki, görüşdə müzakirə edilən məsələlər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında böyük rol oynayır.*
A.Axundov