Minsk Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi rolunu oynaya bilər. Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.
“Tam məsuliyyətlə bəyan edirəm: biz bundan sonra da Belarusun paytaxtında müxtəlif formatlarda, müxtəlif səviyyələrdə istənilən münaqişə tərəflərinin barışığı üzrə görüşlərin keçirilməsini təmin etməyə hazırıq. Bu şərtlə ki, münaqişə tərəfləri bizdən müvafiq xahişi etsinlər. Bu, Dağlıq Qarabağ probleminə də aiddir”, - deyə A.Lukaşenko “Trend” agentliyinə müsahibəsində bildirib. Müsahibənin mətni dövlət başçısının rəsmi saytında dərc olunub.
“Sizə açıq şəkildə deyirəm: belaruslular Donbassdakı hadisələrə laqeyd qalmadıqları kimi, Qarabağdakı hadisələrə də ürək ağrısı ilə yanaşırlar. Bu da təsadüfi deyil. Axı biz hamımız – ukraynalılar, ruslar, belaruslular, azərbaycanlılar, ermənilər və digər xalqların nümayəndələri – böyük bir dövlətin tərkibindən, Sovet İttifaqı adlı mehriban ailədən çıxmışıq. Buna görə də biz harada olmasından asılı olmayaraq, sülhün, normal həyatın və əmin-amanlığın bərqərar olması üçün əlimizdən gələni edəcəyik”, - deyə prezident vurğulayıb.
Onun sözlərinə görə, Dağlıq Qarabağla bağlı Belarusun mövqeyi dəyişməz olaraq qalır: problem yalnız danışıqlar masası arxasında və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq həll oluna bilər.
“ATƏT-in Minsk qrupunun üzvü olaraq Belarus tərəflərə bu münaqişənin sülh yolu ilə həll olunmasında lazımi yardımı göstərməyə hazırdır. Biz bu mövqedən çıxış edirik ki, insanlar üçün öz doğma torpaqlarında sülh və əmin-amanlıqdan daha qiymətli bir şey yoxdur”, - deyə o bildirib. **