Hindistanın Mumbay və İranın Bəndər-Abbas limanları arasında müntəzəm marşrutun təşkil edilməsi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bu sözləri “Rusiya Dəmir Yolları” ASC-nin birinci vitse-prezidenti Aleksandr Mişarin bu gün Bakıda keçirilən "Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu" biznes forumunda deyib.
““Şimal-Cənub” layihəsini hindistanlı tərəfdaşların iştirakı olmadan nəzərdən keçirmək düzgün deyil. Biz Hindistanda bu istiqamətdə işləyirik. Mumbay və Bəndər-Abbas limanları arasında müntəzəm marşrutun təşkili də böyük əhəmiyyətə malikdir və burada bir çox şey İran tərəfindən asılıdır”, - deyə o bildirib.
A.Mişarinin sözlərinə görə, eyni zamanda, Bəndər-Abbas limanının infrastrukturunu da inkişaf etdirmək lazımdır.
Birinci vitse-prezident qeyd edib ki, 2016-cı ildə İran və Rusiya arasında dəmir yolu ilə yük daşımalarında 43% artım qeydə alınıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov isə bildirib ki, “Şimal-Cənub” layihəsi Azərbaycan üçün başlıca prioritetlərdən biridir. "Bu, qeyd olunan istiqamətdə digər marşrutlarla müqayisədə yük daşımaları üçün ən optimal və iqtisadi cəhətdən ən məqsədəuyğun nəqliyyat marşrutudur. Oktyabrda biz Mumbaydan Rusiyaya İran və Azərbaycandan keçməklə 5 sınaq konteyneri yola salmışıq", - deyə C.Qurbanov vurğulayıb.
O, həmçinin deyib ki, Rusiya tərəfi İran ərazisində Rəşt-Astara dəmir yolu sahəsinin tikintisində iştirak etmək istədiyini bildirib.
"Gələcəkdə biz Azərbaycanda Astaradan Yalamayadək dəmir yolu infrastrukturunu tamamilə yeniləməyi planlaşdırırıq", - deyə QSC sədri vurğulayıb.*
N.Abbasova