Parlament komitələri gələn həftə 2017-ci ilin dövlət büdcəsi layihəsinə həsr olunmuş müzakirələr aparacaqlar.
Parlament komitələrinin 30 noyabr-1 dekabr tarixlərində keçiriləcək iclaslarında 2017-ci ilin dövlət büdcəsi layihəsinə və ölkənin 2017 və 2018-2020-ci illər üçün sosial-iqtisadi inkişafına dair proqnozlara baxılacaq. Noyabrın 30-da sənədlər iqtisadi və sosial yönümlü komitələr tərəfindən müzakirə olunacaq", - deyə “İnterfaks-Azərbaycan” agentliyinə parlamentdən bildirilib.
Büdcə paketinə daxil olan sənədlərə 6-8 dekabr tarixlərində plenar iclasda baxılacaq.
2017-ci il üçün dövlət büdcəsinin kəsiri 645 mln. manat və ya ÜDM-in 1,05% səviyyəsində proqnozlaşdırılır.
Layihəyə əsasən, 2017-ci ildə dövlət büdcəsinin gəlirləri 15 mlrd. 955 mln. manat (2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə azalma 5,2%), xərcləri 16 mlrd. 600 mln. manat (azalma 10,2%) səviyyəsində proqnozlaşdırılır.
Gələn ilin dövlət büdcəsində 1 barel neftin orta qiyməti 40 ABŞ dolları məbləğində götürülüb.
Dövlət büdcəsinin gəlirlərinin strukturunda Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 mlrd. 210 mln. manat, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 2 mlrd. 200 mln. manat səviyyəsində proqnozlaşdırılır.
Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 6,1 mlrd. manat səviyyəsində proqnozlaşdırılır.
Xərclərin strukturunda ümumdövlət xərcləri 2 mlrd. 884,898 mln. manat məbləğində nəzərdə tutulub, müdafiə sahəsinə 2 mlrd. 642,092 mln. manat, təhsil sahəsinə 1 mlrd. 733,367 mln. manat, sosial müdafiə və sosial təminat sahəsinə 2 mlrd. 53,05 mln. manat, səhiyyə sahəsinə 745,381 mln. manat yönəldiləcək.
Bundan əlavə, gələn il üçün dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu 2 mlrd. 501 mln. manat səviyyəsində nəzərdə tutulub.
Azərbaycanın 2016-cı il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 822 mln. manat, xərcləri 18 mlrd. 495 mln. manat, kəsiri 1 mlrd. 673 mln. manat və ya ÜDM-in 2,9%-i səviyyəsində proqnozlaşdırılır.*
A.Əzizov