Azərbaycanda dopinqdən istifadəyə qarşı mübarizə çərçivəsində 3 müstəqil qurumun yaradılması təklif olunur. Bu sözləri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.
«Parlamentdə “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunduqdan sonra Milli Məclisə çoxlu sayda səmərələşdirmə təklifi daxil olub. Bu təkliflər, eləcə də Ümumdünya Antidopinq Agentliyinin (WADA) tövsiyələri nəzərə alınmaqla qanunvericilik aktına 3 komitənin yaradılmasını nəzərdə tutan əlavələr təklif olunub», - deyə o, komitənin iclasında bildirib.
Deputatın sözlərinə görə, sözügedən məsələ bu günlərdə Azərbaycanda səfərdə olan WADA və bir sıra ölkələrin Milli Antidopinq agentliklərinin nümayəndələri tərəfindən müzakirə olunub.
“İdmanda dopinq vasitələrindən istifadəyə qarşı mübarizə sahəsində beynəlxalq təcrübəyə əsaslanaraq Terapevtik istifadəyə icazə komitəsi, İntizam komitəsi və Apellyasiya komitəsinin yaradılması təklif olunub", - deyə F.Muradov qeyd edib.
Bu komitələrin işi bu qanun layihəsində yaradılması nəzərdə tutulan Milli Antidopinq Agentliyinin fəaliyyəti ilə əlaqələndiriləcək.
Komitə sədri vurğulayıb ki, Apellyasiya komitəsi qadağan olunmuş preparatlardan istifadə etməkdə ittiham olunan idmançıların xeyrinə olmayan qərar çıxardıqda, onlar Beynəlxalq Arbitraj Məhkəməsinə (London) müraciət edə bilərlər.
«Bu gün beynəlxalq antidopinq qanunvericiliyində böyük dəyişikliklər müşahidə edilir, WADA-nın səlahiyyətləri daha da genişlənir. Biz bu reallıqlar əsasında hərəkət etməliyik. “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi, ilk növbədə idmançılarımızın hüquqlarının qorunmasına yönəlib. Dopinq testinin nəticələri müsbət olan idmançılar təkrar müayinədən keçmək hüququna malik olurlar. Terapevtik istifadəyə icazə komitəsinin vəzifəsi idmançıların güclərini bərpa etmək üçün istifadə edə biləcəkləri vitamin və digər preparatların müəyyən etməkdən ibarətdir”, – deyə o əlavə edib.
Qanun layihəsi II oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.*
R.Babayev