Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Bakı, Ankara və Tehran arasında üçtərəfli formatda əməkdaşlığın möhkəmləndirilməsini zəruri hesab edir.
“İran, Türkiyə və Azərbaycanın həmrəyliyi nə qədər güclənsə, bu, həm region, həm də ölkələrimiz üçün faydalı olar”, - deyə Ə.Həsənov Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri Erkan Özoral ilə görüşdə bildirib.
“Bəzi dünya dövlətləri əlaqələrimizə qısqanclıqla yanaşırlar, daim çalışırlar ki, bu müsəlman ölkələri arasındakı həmrəyliyə xələl gətirsinlər. Ancaq bilirik ki, bu xalqlar və dövlətlər arasında nifaq salmaq mümkün deyil.Bu ölkələr və xalqlar buna yol verməməlidirlər”, - deyə komitənin məlumatında deyilir.
Baş nazirin müavini əlavə edib ki, Türkiyə ilə Rusiya arasında münasibətlərin yaxşılaşması region, həmçinin Azərbaycan üçün vacibdir.
E.Özoral, öz növbəsində Azərbaycanla Türkiyə arasında əlverişli əlaqələrin mövcudluğunu qeyd edib.
O vurğulayıb ki, Türkiyə də Azərbaycan ərazilərinin davam edən işğalına kədərlənir. “Türkiyə hər zaman Azərbaycanın yanındadır. Biz öz problemlərimizi birgə həll etməliyik”, - deyə E.Özoral məlumat verib. **
F.İsazadə