Noyabrın 29-na keçən gecə Bakı şəhərinin Nizami rayonunda baş verən yanğın zamanı bir ailənin 4 üzvü həlak olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
“Tikintisi yarımçıq qalmış yaşayış binasının zirzəmisində 4 ailənin məskunlaşdığı otaqların yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı Seymur Babaşov, həyat yoldaşı Cəvahir Babaşova və övladları 2005-ci il təvəllüdlü Fərhad və 2007-ci il təvəllüdlü Elşadın yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub”, - deyə məlumatda deyilir.
Qeyd olunan şəxslərin meyitləri Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.
“Yanğın saat 03:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb”, - deyə məlumatda qeyd olunur. **
R.Babayev