"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Moskvaya, Rusiyanın Beynəlxalq Vnukovo Hava Limanına müntəzəm reyslərin sayını artırır. Bu barədə QSC-dən məlumat verilib.
“2017-ci ilin mart ayından etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanından Vnukovo aeroportuna hər gün iki reys yerinə yetiriləcək”, - deyə məlumatda deyilir.
AZAL aviaşirkətinin vitse-prezidenti Eldar Hacıyev və Vnukovo Hava Limanının baş direktoru Vasili Aleksandrov noyabrın 29-da Moskvada ”2017-ci ildə AZAL aviaşirkətinin Vnukovo hava limanına uçuşlarının perspektiv proqramı” adlı sənəd imzalayıblar.
Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuşlar yerli vaxtla səhər saat 08:00-da və 16:30-da yerinə yetiriləcək, Moskvaya eniş isə saat 10:10 və 18:40-a planlaşdırılıb.
Vnukovo Hava Limanından uçuş yerli vaxtla saat 11:10 və 19:40-da, Bakıya eniş isə yerli vaxtla saat 15:00 və 23:30-da baş tutacaq.
Moskvaya reyslər AZALJET aşağı büdcəli brendi ilə komfortlu "Airbus A319" laynerləri ilə həyata keçirilir.
Hazırda "Azərbaycan Hava Yolları" Rusiyanın dörd şəhərinə müntəzəm reyslər həyata keçirir. "Vnukovo" Hava Limanı ilə yanaşı, AZALJET Moskva Domodedovo Hava Limanına, Sankt-Peterburqun "Pulkovo" aeroportuna, Mineralnie Vodı və Kazan şəhərlərinə reysləri, eləcə də Gəncədən Sankt-Peterburqa müntəzəm aviareyslər həyata keçirilir. **
N.Abbasova