Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “2+3” formatında erməni həmkarı və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşə hazır olduqlarını bəyan edib.
“Fransa “2+3” formatında görüş keçirməyi təklif etdi. Biz bu görüşün Hamburqda keçirilməsinə razılıq verdik”, - deyə E.Məmmədyarov bu gün bildirib.
O həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin əvəz olunması məsələsinə toxunub.
“Düşünmürəm ki, həmsədrlərin əvəz olunması Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına hər hansı dəyişikliklər daxil edəcək. Yeni fransalı həmsədr təcrübəli diplomatdır və vəziyyətlə tanışdır. Amerikalı həmsədrin əvəz olunmasına gəlincə isə, ABŞ-da hökumət formalaşandan sonra onun adı məlum olacaq”, - deyə o əlavə edib.
Xəbər verildiyi kimi, dekabrın 8-9-da Almaniyanın Hamburq şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində “2+3” formatında görüşün keçirilməsi planlaşdırılır. **
F.İsazadə