Tikinti sektorunda istehsalın aşağı düşməsi, ticarət dövriyyəsinin azalması, bank sektorunun itkilərlə üzləşməsi 2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda resessiyanın əsas səbəbləridir. Bunu maliyyə naziri Samir Şərifov deyib.
«10 ay ərzində ÜDM-nin azalmasının əsas səbəbləri bunlardır: ötən ilin müvafiq dövrü ilə müqayisədə tikinti sektorunda istehsalın 27,4% aşağı düşməsi, ticarət dövriyyəsinin azalması, yüksək dollarlaşma nəticəsindəbank sektorunun itkilərlə üzləşməsi və kredit portfelinin keyfiyyətinin pisləşməsi», - deyə o, Milli Məclisin 5 komitəsinin bu gün keçirilən birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsində bildirib.
Nazirin sözlərinə görə, nəticədə 1998-ci ildən bəri ilk dəfə olaraq tədiyyə balansı kəsirlə üzləşib.
Xəbər verildiyi kimi, 2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda ÜDM 3,7% azalıb. Hesabat dövründə ÜDM-nin nominal həcmi 49 mlrd. 223,4 mln. manat təşkil edib, qeyri-neft sektorunda ÜDM 5,5% azalıb. Neft sektorunda 0,3% səviyyəsində artım qeydə alınıb.*
A.Axundov