Dekabrın 1-dən etibarən Azərbaycanın 8 rayonunda analoq yayım dayandırılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
“Dekabrın 1-dən Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda analoq yayım dayandırılıb və rəqəmli TV yayımı həyata keçiriləcək”, - deyə nazirlikdən bildiriblər.
Xatırladaq ki, noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb.
Rayonlarda rəqəmsal yayıma keçid mərhələli şəkildə həyata keçiriləcək. İkinci mərhələdə dekabrın 10-dan Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygol, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Məngəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Qaxda analoq yayım dayandırılacaq.
Üçüncü mərhələdə dekabrın 20-dən Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik və Astara rayonlarında analoq yayım dayandırılmaqla rəqəmsal yayıma keçid həyata keçiriləcək.
Rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün dekoderlər (“Set-Top-Box”) əldə etmək lazımdır.
Eyni zamanda, Azərbaycanda dekabrın 1-dən kabel operatorların şəbəkələrində analoq yayımı davam etdiriləcək. Bunu Azərbaycan Kabel Operatorları Assosiasiyasından qeyd ediblər.
Analoq yayımın dayandırılması yalnız efir kanallarına aiddir və 1 dekabrdan sonra efir kanallarını izləmək üçün ya DVB-T rəqəmli formatı dəstəkləyən televizor olmalı, ya da bunun üçün ayrıca xüsusi DVB-T və ya DVB-S qəbuledici qoşulmalıdır. “Lakin Azərbaycanda satılan müasir televizorlarının əksəriyyətində rəqəmli televiziyanı dəstəkləyən DVBT resiveri olduğu üçün əlavə cihaz almaq lazım deyildir. Kabel televiziyasında isə hər şey olduğu kimi qalacaq”, - deyə məlumatda deyilir. **
A.Əzizov