Bu gün Bakıda Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
Prezident İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanlayıb.
"Bölgəmizdə tarixən müxtəlif xalqlar arasında möhkəm tolerant ənənələri, qarşılıqlı hörmət və etimada əsaslanan mehriban qonşuluq, dostluq və əməkdaşlıq mövcud olub”, - deyə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullanın oxuduğu müraciətdə deyilir.
“Belə münasibətlərin təşəkkülündə və inkişafında ümumbəşəri dəyərlərin daşıyıcısı kimi İslam dini müstəsna rol oynayıb”, - deyə dövlət başçısı vurğulayıb.
Prezident həmçinin bu gün dünyada müşahidə olunan mürəkkəb ictimai-siyasi proseslərə toxunub. “Hazırda qloballaşan dünyada mürəkkəb ictimai-siyasi prosesləryaşanır, etnik-dini zəmində münaqişələr, irqi ayrı-seçkilik, dini ekstremizm və islamofobiya kimi arzuolunmaz təzahürlər müşahidə edilir”, - deyə İ.Əliyev bəyan edib.
“Beynəlxalq təhlükəsizliyi və insanların əminamanlığını təhdid edən bu cür hallara qarşı səmavi dinlərin, sülh, mərhəmət, şəfqət və həmrəylik çağırışlarına, sivilizasiyalararası dialoqa və əməkdaşlığa ciddi ehtiyac var. Biz Azərbaycanda tarixi-mənəvi irsin, etnik mədəni müxtəlifliyin, multikulturalizmin qorunub saxlanmasına və daha da inkişaf etdirilməsinə dövlət siyasəti səviyyəsində xüsusi önəm verir, dövlət-din münasibətlərinin tənzimlənməsində milli tarixi ənənələr və beynəlxalq hüquqi normalara əsaslanırıq”, - deyə dövlət başçısı qeyd edib.
“Ümumi və doğma evimiz olan Qafqazda davamlı sülhün, əminamanlığın bərqərar olmasında, bəşəri dəyərlərin, İslam dininin əsl mahiyyətinin təbliği və təşviqində, yad dini cərəyanların və zərərli təsirlərin vaxtında qarşısının alınmasında sizin kimi din xadimlərinin rolu böyükdür. Bu işdə əməyi olan hər bir şəxsin, qurumun rəhbəri,Qafqaz Müsəlmanları İdarəsinin sədrinin fəaliyyətini tədqirəlayiq hesab etmək olar", - deyə prezident vurğulayıb.
“Bu gün, eyni zamanda dünyada dini radikallaşmanın müşahidə olunduğu dövrdə Azərbaycan nadir tolerantlıq və multikulturalizm nümunəsini nümayiş edir. Bu bizim həyat tərzimizdir və bunu dünyaya təbliğ edirik”, - deyə QMİ sədri Allahşükar Paşazadə bildirib. **
F.İsazadə