Energetika naziriNatiq Əliyev OPEC-in dekabrın 9-da Dohada Kartelə üzv olmayan ölkələrlə nəzərdə tutduğu görüşdə Azərbaycanın iştirak etməyə hazır olduğunu bildirib.
“Toplantıya dəvət olacağı və Azərbaycanın iştirakının zəruri hesab ediləcəyi təqdirdə rəsmi Bakı datədbirə qatılacaq”, - deyə Energetika Nazirliyinin məlumatında N.Əliyevə istinadən qeyd edilir.
““Hesab edirəm ki, qeyri-OPEC ölkələri üçün hasilatı hansı həcmdə azlatmaqla bağlı məsələlər bu toplantıdakı müzakirə əsasında müəyyənləşəcək. Azərbaycan irəli sürüləcək təklifi qəbul etməyə və beləliklə, neftin qiymətinin artması prosesinə öz töhfəsini verməyə hazırdır”, - deyə o əlavə edib.
Nazirin sözlərinə görə, Azərbaycan noyabrın 30-da Vyanada OPEC Nazirlər Şurasının 171-ci iclasında neft hasilatının azaldılması ilə bağlı əldə edilən razılığı alqışlayır.
N.Əliyev bu razılığı neft bazarında tarazlığın təmin edilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirib.
Bununla yanaşı, energetika naziri hesab edir ki, neftin qiymətində sabitliyə və yüksəlişə yalnız OPEC ölkələrinin sutkalıq hasilatı 1,2 mln. barel azaltmasını nəzərdə tutan qərar uzunmüddətli olacağı təqdirdə nail olmaq mümkündür.
"Azərbaycanın mövqeyinə gəldikdə isə, hamıya məlumdur ki, ölkə prezidenti səviyyəsində Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edib ", - deyə N.Əliyev qeyd edib.*
A.Əzizov