Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycanda icbari tibbi sığortanın tətbiqi məqsədilə naliyyə mənbələrinin axtarılmasının vacibliyini qeyd edir.
“Bu sistem ölkədə nə qədər tez zamanda tətbiq olunarsa, səhiyyə sahəsi daha yaxşı inkişaf edəcək. Bunun uğurlu reallaşması üçün ehtiyatlar var. Müvafiq strukturlar Maliyyə Nazirliyi ilə birgə bu istiqamətin maliyyələşməsi üçün müxtəlif mənbələrin istifadəsinə dair plan tərtib etməlidir”, - deyə Ə.Əmiraslanov Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə Yevlax rayonunda və Mingəçevir şəhərində icbari tibbi sığortanın tətbiqi üzrə pilot layihələrin reallaşmasına başlanacaq.
“Pilot layihələrin uğurlu olacağına əminəm. Onların reallaşdırılmasına 30 mln. manat ayrılıb. Ümid edirəm ki, 2018-ci ildə Azərbaycanda icbari tibbi sığorta növünü tam həcmdə tətbiq edəcəyik”, - deyə Ə.Əmiraslanov vurğulayıb.
İclasda çıxış edən komitə sədrləri 2017-ci il üzrə dövlət büdcəsinin sosial yönümlü olduğunu qeyd ediblər. **
R.Babayev