Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti və 1 saylı Vergilər Departamentində Şəffaf Vergi Partnyorluğu idarələri yaradılıb.
“Vergi sistemində “yaşıl dəhliz” prinsipinin tətbiq edilməsi məqsədilə Bakı Vergilər Departamenti və 1 saylı Vergilər Departamentində Şəffaf Vergi Partnyorluğu idarələri yaradılıb və artıq bu gündən vergi ödəyicilərinə xidmətə başlayıb”, - deyə məlumatda bildirilir.
Bu idarələrin xidmət göstərəcəyi vergi ödəyicilərinə vergi uçotunu şəffaf qaydada aparan, vergi öhdəliklərini vaxtında və tam şəkildə icra edən, riskli əməliyyatlarla bağlı vergi orqanları ilə qarşılıqlı şəkildə məsələlərin həlli istiqamətində tədbirlər görən ödəyicilər aid ediləcək. Bu günə Bakı şəhəri üzrə belə intizamlı vergi ödəyicilərinin sayı 430-dan çoxdur.
“Həmin strukturlar qeyd olunan ödəyicilərin vergitutma ilə bağlı müraciətlərinin qısa müddət ərzində cavablandırılması, onların təqdim etdikləri bəyannamələrlə bağlı hər hansı uyğunsuzluq və ya sual yaradan məqam olduğu halda həmin vergi ödəyicilərinin və ya onların nümayəndələrinin iştirakı ilə belə halların qısa müddətdə aradan qaldırılması, onlara ünvanlı xidmətlərin göstərilməsi, vergi qanunvericiliyində baş vermiş dəyişikliklərlə bağlı məlumatlandırılması, vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin müzakirə edilməsi və digər istiqamətlərdə vəzifələri həyata keçirəcək”, - deyə məlumatda qeyd olunur.
İntizamlı vergi ödəyiciləri üçün yaradılan bu şərait onların vaxtlarına qənaət etməsinə, vergi öhdəliklərini rahat və qısa zaman kəsiyində həyata keçirməsinə, yarana biləcək çətinlikləri və problemləri vergi orqanları ilə birgə dərhal aradan qaldırmasına imkan verəcək.*
A.Əzizov