Azərbaycan tərəfi Bakı və Tehran arasında uçuşların sayının artırılmasında, İranın digər şəhərlərinə də birbaşa uçuşların təşkilində maraqlıdır. Bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Ş.Mustafayev Azərbaycanda səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşüb.
O, Şimal-Cənub nəqliyyat dəhlizinin önəmli həlqələrinən olan Astara çayı üzərində dəmir yolu körpüsünün və Astara stansiyasından (Azərbaycan) İran sərhəddinədək olan 8,3 km-lik dəmir yolu xəttinin tikintisinin yekunlaşmaq üzrə olduğunu qeyd edib.
Diqqətə çatdırılıb ki, nəqliyyat dəhlizinə bir sıra ölkələr də maraq göstərir.
“Azərbaycan-İran ticarət əlaqələri inkişaf edir və bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var”, - deyə Ş.Mustafayev vurğulayıb.
M.Vaezi son zamanlar ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində bir çox işlərin görüldüyünü qeyd edib.
Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 11-ci iclasının və Azərbaycan-İran biznes forumunun keçirilməsinə dair müzakirələr aparılıb.*
F.İsazadə