Moskva Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllində təsirli tədbirlərin görülməsi üçün dəstək göstərəcək. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu Rusiyanın dövlət katibi, xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.
«Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsi istiqamətində səylərin davam etdiriləcəyini və münaqişənin həllində təsirli tədbirlərin görülməsi üçün dəstək göstərəcək», - deyə o, Azərbaycan və Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşdə bildirib.
“Ölkələrimiz arasında münasibətlər bütün sahələrdə inkişaf edir və rəsmilər arasında mütəmadi təmaslar gündəlikdə olan məsələlərin həllinə töhfə verir”, - deyə Q.Karasin qeyd edib.
O, gələn il Moskvada Rusiya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 25 illiyinin qeyd ediləcəyini və bu xüsusda nazir Elmar Məmmədyarovun rusiyalı həmkarı tərəfindən bu ölkəyə səfərə dəvət edildiyini bildirib.
Rusiya XİN başçısının müavini, həmçinin BMT Baş Assambleyasında Rusiyanın təşəbbüsü ilə nasizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə dair qətnamənin qəbulunda verdiyi dəstəyə və həmmüəllif kimi qoşulmasına görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
X.Xələfov iki ölkə arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, hərbi-texniki, humanitar, təhsil, turizm, kənd təsərrüfatı, miqrasiya sahələrində əməkdaşlığın inkişaf etdiyini və Rusiya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
O, Azərbaycan-Rusiya əməkdaşlığının strateji xarakter daşıdığını deyib
Nazir müavini hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlığın qurulduğunu, terrorizmə qarşı mübarizədə uğurlara imza atıldığını, birgə iqtisadi və nəqliyyat layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb.
X.Xələfov ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi və ticarət dövriyyəsinin artırılması üçün gömrük sərhəd-keçid məntəqələrinin texniki imkanlarının artırılmasının vacibliyinə diqqəti çəkib, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin işə düşməsindən sonra region ölkələri arasında yükdaşımaların dəfələrlə artacağına əminliyini bildirib.
"Tərəflər Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının işini və hər iki ölkənin parlamentlərinin əməkdaşlığını təqdir edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, habelə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində aparılan danışıqlar, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin göstərilməsi və mövqelərin uzlaşdırılması istiqamətində məqsədyönlü işin aparılmasının zəruriliyini vurğulayıblar", - deyə məlumatda qeyd olunur.*
R.Babayev