"PwC Azerbaijan" şirkəti vergi mübahisələrinin vergi ödəyicilərinin xeyrinə həll olunması hallarının artığını qeyd edir. Bu barədə şirkətin məlumatında deyilir.
«Vergi mübahisələrinin vergi ödəyicilərinin xeyrinə həll olunması hallarının sayı artır. 2016-cı ildə vergi ödəyiciləri tərəfindən vergi orqanlarına qarşı qaldırılmış iddiaların Vergi Apellyasiya Şurasında təxminən 44%; 1-ci instansiya məhkəməsində 35%; Apellyasiya məhkəməsində 57% və Ali Məhkəmədə 52% tamamilə və ya qismən vergi ödəyicilərinin xeyrinə həll edilib”, - deyə məlumatda şirkətin vergi məsələləri üzrə direktoru Arif Quliyevə istinadən bildirilir.
"PwC Azerbaijan" şirkətinin vergi və hüquq məsələləri üzrə partnyoru Maykl Ahern qeyd edib ki, vergi ödəyiciləri və vergi orqanları arasında yaranan vergi mübahisələrinin iqtisadi mahiyyət əsasında şəffaf və sistemli şəkildə həlli biznes üçün çox vacibdir. “Son 15 il və daha artıq dövrdə qlobal vergi mühitində böyük dəyişikliklər baş verib. Vergi mübahisələrinin vergi ödəyicilərinin xeyrinə həll edilməsi imkanları daha yüksək olduğuna görə onların bu prosesdə iştirakı vacibdir”, - deyə o əlavə edib.
Məlumata görə, Azərbaycan öz vergi daxilolmalarını qorumaq üçün transfer qiymətlərinin tənzimlənməsi sahəsində müasir qanunvericilik bazası yarada bilər. Belə bir sistem yaradılmazsa, mənfəət transfer qiymətlərinin tənzimlənməsi sahəsində müasir qanunvericilik bazası olan ölkələrə yönələcək.*
A.Axundov