Prezident İlham Əliyev İslam dövlətlərində müsəlmanlar arasında qarşıdurma ilə əlaqədar narahatlığını bildirib.
«Biz müsəlman ölkələrində müsəlmanların bir-birini qırmasına, qardaş qanı axıdılmasına laqeyd baxa bilmərik», - deyə o, dekabrın 2-də “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşdə bildirib.
Dövlət başçısı Qafqaz müsəlmanlarının birliyinin möhkəmlənməsindən məmnunluq ifadə edib.
«Şimali Qafqaz respublikalarını və Azərbaycanı böyük dostluq tarixi, qarşılıqlı hörmət, qarşılıqlı dəstək birləşdirir. Mən şadam ki, bu gün bu əlaqələr Qafqaz respublikaları arasında bütün səviyyələrdə, o cümlədən də dini liderlər arasında davam edir. Bu, Qafqaz müsəlmanlarının birliyini möhkəmləndirir və həmçinin dünya müsəlmanlarına bizim birlikdə olmağımızın vacibliyi üçün bir nümunədir», - deyə İ.Əliyev vurğulayıb.
Prezident Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə hər il keçirilən görüşlərin Rusiya-Azərbaycan münasibətləri və Qafqazda sabitlik, təhlükəsizlik üçün böyük əhəmiyyət daşıdığını deyib.
«Bu gün ağsaqqal sözü həmişəkindən daha əhəmiyyətlidir. Sizin fəaliyyətiniz də təhlükəsizliyə, Rusiyanın Qafqaz respublikalarının inkişafına doğru aparır. Həm də Rusiya-Azərbaycan birgə münasibətlərini möhkəmləndirir. Çünki artıq dəfələrlə qeyd etdiyim kimi, Rusiya və Azərbaycan Qafqaz ölkələridir, biz qonşuyuq, yaxşı qonşuyuq və dostluğumuzu da davam etdirəcəyik», - deyə İ.Əliyev vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan dünyada bütün müsəlmanların həmrəyliyi üçün böyük işlər görür. "Biz fəxr edirik ki, Bakıdan sonra artıq Azərbaycanın ikinci şəhəri Naxçıvan 2018-ci il ərzində ISESCO tərəfindən ona təqdim edilən İslam dünyasının mədəniyyət paytaxtı adını şərəflə daşıyacaq», - deyə İ.Əliyev əlavə edib.
O, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında Bakının ədalətli mövqeyini dəstəklədiyi üçün müsəlman aləminə minnətdarlığını bildirib.
“Dünyanın bütün müsəlmanları bu ilin aprelində erməni təcavüzünü pisləyiblər və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə kontakt qrupu yaradıblar”, - deyə İ.Əliyev vurğulayıb.*
R.Babayev