Azərbaycanda avtomobilləri parketmə qaydalarının pozulmasına görə cəzalar tətbiq olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi müzakirə edilib. Əlavəyə əsasən, nəqliyyat vasitəsinin parklanmasına görə, müəyyən edilmiş ödəniş aparılmadan və ya ödəniş aparılmış müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə, eyni zamanda nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmaya görə, 10 manat məbləğində cərimə tətbiq olunacaq.
O cümlədən, əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə, 10 manat cərimə tətbiq olunur.
Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına görə, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə, 10 manat məbləğində cərimə tətbiq olunur.
Müzakirələrin yekununda layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. **
R.Babayev