2016-cı ilin yanvar-noyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 26 mln. 476,233 min ton Azərbaycan nefti nəql edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) məlumat verilib.
“Ümumilikdə kəmərin istismara verildiyi vaxtdan (4 iyun 2006-cı il – İF) dekabr ayının 1-nə qədər 319 mln. 151,612 min ton, o cümlədən noyabr ayında 2 mln. 72,571 min ton neft nəql olunub”, - deyə məlumatda bildirilir.
Bundan başqa, noyabr ayında BTC neft kəməri ilə 344,987 min ton Türkmənistan nefti nəql olunub.
Dəqiqləşdirilmiş məlumatlara əsasən, cari ilin yanvar-noyabr aylarında Ceyhan neft terminalından 26 mln. 753,098 min ton, o cümlədən noyabr ayında 2 mln. 345,74 min ton Azərbaycan nefti yola salınıb. BTC-nin istismara verildiyi vaxtdan 317 mln. 946,87 min ton Azərbaycan nefti yola salınıb.
2015-ci ildə BTC kəməri ilə 28 mln. 835,543 min ton Azərbaycan nefti nəql edilib.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); “Chevron” (8,9%); “Statoil” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “CIECO” (2,5%); INPEX (2,5%), “Total” (5%) və ONGC (2,36%) şirkətləridir.*
N.Abbasova