Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) daha 10 dini icmaya maliyyə yardımı ayırıb. Bu barədə komitənin mətbuat xidmətindən məlumat verilib.
"Bununla əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində maliyyə yardımı ayrılmış 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib. DQİDK sədrinin birinci müavini Səyyad Salahlı icmaları radikalizmlə mübarizədə daha fəal olmağa çağırıb", - deyə məlumatda bildirilir.
O, dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağın, rəhbərlik etdikləri icmaların radikalizmlə ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrinin, ümummilli maraqlardan çıxış etmələrinin vacibliyini vurğulayıb.
Qeyd edək ki,Azərbaycanda dini icmalar prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli sərəncamına əsasən maliyyələşdirilir. İndiyədək 151 dini icmaya maliyyə yardımı ayrılıb. Bunlardan 19-u qeyri-islam dini icmasıdır.*
F.İsazadə