Davamlı sabitlik və neftin qiymət artımının uzunmüddətli olması üçün nəinki OPEC və qeyri-OPEC ölkələri, həm kartel daxilində, həm də təşkilata üzv olmayan dövlətlər arasında ümumi anlaşma və həmrəylik olmalıdır. Energetika naziri Natiq Əliyev belə hesab edir.
Energetika Nazirliyinin məlumatına görə, N.Əliyevin ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun Enerji Diplomatiyası ofisinin direktoru Uilyam Silkvortla keçirdiyi görüşdə dünya enerji bazarındakı son vəziyyət, eləcə də regionda həyata keçirilən enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə ABŞ Dövlət Departamentinin nümayəndəsi Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) dekabrın 10-da Vyanada keçiriləcək növbəti görüşü ərəfəsində Azərbaycanın mövqeyi ilə maraqlanıb.
N.Əliyev Azərbaycanın OPEC-ə üzv olan və kartelə daxil olmayan neft hasil edən ölkələrin Vyanada keçiriləcək növbəti görüşünü mühüm hesab edərək iştiraka qərar verdiyini deyib. “Hesab edirəm ki, davamlı sabitlik və neftin qiymət artımının uzunmüddətli olması üçün nəinki OPEC və qeyri-OPEC ölkələri, həm kartel daxilində, həm də təşkilata üzv olmayan dövlətlər arasında ümumi anlaşma və həmrəylik olmalıdır”, - deyə nazir vurğulayıb.
N.Əliyevin rəyinə əsasən, bütün tərəflərin maraqları uzlaşacağı təqdirdə neftin qiymətinin tənzimlənməsi istiqamətində prosesi irəli aparmaq və razılaşmanın uzunmüddətliyini təmin etməklə hər kəs üçün sərfəli qiymətin müəyyənləşməsinə nail olmaq mümkündür.
Energetika naziri Azərbaycanın dünya neft bazarında qiymətin sabitləşdirilməsi prosesinə qoşularaq, neft bazarının tənzimlənməsi, neftin qiymətinin bahalaşması üçün neft hasilatını və ixracını artırmayacağı ilə bağlı mövqeyini xatırladıb. **
N.Abbasova