Vergilər Nazirliyi bölgələrdə vergi ödəyiciləri üçün “Yaşıl dəhliz” prinsipinin tətbiq edilməsi məqsədilə təkliflər hazırlayır. Bu sözləri vergilər nazirinin müavini İlkin Vəliyev deyib.
Qeyd edək ki, 2016-cı il dekabrın 1-dən Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti və 1 saylı Vergilər Departamentində “Şəffaf Vergi Partnyorluğu” idarələri yaradılıb.
"Hazırda biz bölgələrdə analoji qurumların yaradılmasına dair təkliflər paketi hazırlayırıq. Yaxın vaxtlarda bu təkliflər müzakirəyə çıxarılacaq", - deyə İ.Vəliyev “Vergilər” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, belə qurumların yaradılmasında əsas məqsəd vergi öhdəliklərini vaxtında və tam şəkildə icra edən vergi ödəyicilərinə xidmət göstərməkdir. İlkin qiymətləndirmələrə görə, bu günə Bakı şəhəri üzrə belə intizamlı vergi ödəyicilərinin sayı təxminən 400 təşkil edir", - deyə nazir müavini qeyd edib.
İ.Vəliyev vurğulayıb ki, “Yaşıl dəhliz” prinsipinin tətbiqi vergi orqanlarına vergi ödəyiciləri ilə daha sıx əməkdaşlıq etməyə imkan verir.
O əlavə edib ki, hazırda Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin sayı 65-ə çatıb. "Vergi ödəyiciləri tərəfindən vergi orqanlarına bəyannamələrin könüllü şəkildə təqdim edilmə səviyyəsi vergi növündən asılı olaraq 75-85% təşkil edir", - deyə İ.Vəliyev bildirib.*
A.Əzizov