İran Azərbaycanın tranzit imkanlarından istifadə etməklə Rusiya və digər MDB ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracında maraqlıdır. Bunu İranın Gülüstan əyalətinin valisi Həsən Sadıqlu deyib.
Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev H.Sadıqlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“H.Sadıqlu Azərbaycanın tranzit imkanlarından istifadə etməklə İrandan Rusiya və digər MDB ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracının mümkünlüyünü diqqətə çatdırıb”, - deyə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
Valinin sözlərinə görə, Gülüstan əyaləti İranın kənd təsərrüfatının inkişafında önəmli yer tutur.
O qeyd edib ki, əyalət keyfiyyətli toyuq əti istehsalı, tütünçülük, pambıqçılıq, süni mayalanma və digər sahələr üzrə böyük təcrübəyə malikdir və Azərbaycan və Gülüstan əyaləti bu sahələrdə əməkdaşlıq edə bilər.*
F.İsazadə