Bu ilin aprel ayında münaqişənin gərginləşməsi təmas xəttindəki mövcud vəziyyətin təhlükəli olduğunu göstərir. Xarici işlər naziri Elmar Məmmədyarov belə hesab edir.
"Bu ilin aprel ayında münaqişənin gərginləşməsi təmas xəttindəki mövcud vəziyyətin təhlükəli olduğunu və onun hər an pisləşə biləcəyini xatırlatdı”, - deyə o, ATƏT-ə üzv olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında bildirib.
Nazirin sözlərinə görə, Ermənistan silahlı birləşmələrinin qanunsuz şəkildə Azərbaycanın işğal olunmuş ərazilərindəki mövcudluğu münaqişənin gərginləşməsinin əsas səbəbidir.
Onun fikrincə, Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarındakı mövcudluğu siyasi həll üçün maneədir.
E.Məmmədyarov Vyana və Sankt-Peterburqda yüksək səviyyədə aparılan müzakirələri yüksək qiymətləndirib və ATƏT-in Minsk qrupunun həmsədrlərinə göstərdikləri səylərə görə təşəkkür edib: "Bu dinamikanı qorumalı və bu görüşlərdə əldə olunan anlaşmaları fəaliyyətimizlə sübüt etməliyik. ATƏT-in Minsk qrupunun bu istiqamətdə addımlar atacağına ümid edirik", - deyə XİN başçısı qeyd edib.
O bildirib ki, münaqişənin nəticələrinin dərhal aradan qaldırılması - Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, nəqliyyat və rabitə əlaqələrinin bərpa edilməsi, qaçqın və məcburi köçkünlərin təhlükəsiz və ləyiqli şəkildə öz torpaqlarına qaytarılması münaqişə dinamikasını dəyişməyə və ümumilikdə regionda təhlükəsizliklə bağlı vəziyyəti yaxşılaşdırmağa imkan verəcək.
Nazir təəssüflə vurğulayıb ki, Ermənistan tərəfi münaqişənin həlli üzrə danışıqlarda konstruktiv iştirak etmək istəmir.
"Ermənistan işğal olunmuş ərazilərdə hərbi gücünü artırır, oradakı vəziyyəti dəyişir. Bax, bunlar Ermənistanın real məqsədlərini göstərir. Yaxın gələcəkdə Ermənistanın münaqişənin həlli üzrə danışıqlarda səmimi olub-olmayacağını və ya regionda qeyri-sabitliyi artırmağa davam edib-etməyəcəyini görəcəyik", - deyə E.Məmmədyarov əlavə edib.*
F.İsazadə