Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2016-cı ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara ümumilikdə 157 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
2016-cı ilin əvvəlindən fondun vəsaitləri hesabına təxminən 2,4 min layihə maliyyələşdirilib ki, bu da 7,7 minə yaxın yeni iş yerinin açılmasına imkan verəcək.
Dekabrın 9-da SKMF Şamaxı rayonunda sahibkarlığa dövlət dəstəyi məsələlərinə dair tədbir keçirib. İndiyədək Dağlıq Şirvan iqtisadi rayonunda sahibkarlıq subyektlərinin 1,85 mindən artıq investisiya layihəsinin maliyyələşdirilməsinə 67,7 mln. manat güzəştli kredit ayrılıb.
“Tədbir çərçivəsində 30 sahibkara ümumilikdə 262 mln. manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması hesabına 40-dan artıq iş yerinin açılması mümkün olacaq”, - deyə məlumatda bildirilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50-dən artıq bank və bank olmayan kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 248,5 mln. manat məbləğində güzəştli kredit verilib. 2016-cı ildə bu məbləğ təxminən 250 mln. manat təşkil edəcək.*
N.Abbasova