İqtisadiyyat Nazirliyi Almaniyanın Köln şəhərində 7 oktyabr - 11 oktyabr 2017-ci il tarixlərində keçiriləcək "ANUGA" beynəlxalq ərzaq sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir. Bu barədə nazirlikdən məlumat verilib.
“Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı 30 şirkət ola bilər. Müsabiqə 4 iyul 2017-ci il tarixində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) təşkil olunacaq”, - deyə məlumatda deyilir.
Seçim meyarları aşağıdakılardır: ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı (10 bal), nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı (10 bal), sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə – 5 bal).
Meyarların cəmi üzrə keçid balı minimum 20 bal təşkil edir.
Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
ərizə, nümayiş olunacaq məhsulların siyahısı; sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar.
Sənədlər 12 iyun 2017-ci il tarixinədək qəbul olunur. **
N.Abbasova