Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində hal şahidlərininistintaq hərəkətlərinin aparılmasında iştirak qaydasının dəyişməsini nəzərdə tutan dəyişiklikləri təsdiq edib.
Dəyişikliklərin mətni bu gün rəsmi mətbuatda dərc edilib.
Cinayət-Prosessual Məcəllənin 236-cı maddəsi üzrə aşağıdakı dəyişikliklər edilib: 236.3-cü maddədə “azı 2 (iki) hal şahidi iştirak edir” sözləri “hal şahidləri iştirak edə bilər” sözləri ilə əvəz edilib.
236.4-cü maddədə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib: “Hadisə yerinin baxışı zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə video çəkilişdən istifadə məcburidir”.
245.3-cü maddədə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib: “Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə video çəkilişdən istifadə məcburidir.”
246.3-cü maddə aşağıdakı redaksiyada verilib: “Şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir.”
Bundan başqa, aşağıdakı məzmunda 246.4-cü maddə əlavə edilib: “Şəxsi axtarış və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda video çəkilişdən istifadəyə yol verilmir. Bu halda şəxsi axtarış və götürmə müstəntiqin tapşırığı ilə barəsində həmin istintaq hərəkəti aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır”.*
R.Babayev