“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Odessa Dəniz Mühəndisliyi Bürosu” birgə müəssisənin yaradılması haqqında razılığa gəliblər. Bu barədə QSC-dən məlumat verilib.
“Ötən həftə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və “Odessa Dəniz Mühəndisliyi Bürosu”nun direktoru Gennadi Yeqorov “Xəzər Dəniz Mühəndisliyi Bürosu”nun yaradılması haqqında saziş imzalayıblar. Yeni yaradılan Büro layihə-konstruktor işləri, eyni zamanda, müxtəif təyinatlı gəmi layihələrinin hazırlanması, gəmilərin və üzən qurğuların təmiri, modernləşdirilməsi və istismarı üçün zəruri texniki sənədlərin işlənməsi, bu sahədə mütəxəssislərin hazırlanması, elmi-tədqiqat işlərinin aparılmasını həyata keçirəcək. Birgə müəssisə proqram təminatı və məlumat bazalarının yaradılmasını da təşkil edəcək”, - deyə məlumatda deyilir.
İmzalanma mərasimində R.Vəliyev yeni müəssisənin Azərbaycanda dənizçilik sahəsində müasir mühəndislik mərkəzi olacağını bildirib.
Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutunun baş direktoru Oyrad Abdullayev “Xəzər Dəniz Mühəndisliyi Bürosu”nun rəhbəri təyin olunub.
Gəmiçilik və gəmiqayırma sahəsində yüksək keyfiyyətli, elmi biliklərə əsaslanan layihələrin hazırlanması ilə tanınan “Odessa Dəniz Mühəndisliyi Bürosu” həm də kompleks elmi tədqiqatları həyata keçirir. **
N.Abbasova