İsrail Azərbaycanla qaz idxalına dair danışıqlar aparır. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib.
“Bizim energetika sahəsində möhkəm əlaqələrimiz var. Bu gün sadəcə ölkəmizin neft idxalının ciddi bir hissəsi olan, Azərbaycanın İsraili təchiz etdiyi neftin satışı barədə yox, həm də təbii qazın ixracı üçün birgə müəssisələrimizdən istifadə haqqında danışırıq. Bu gün biz burada danışarkən İsrailin qaz idxalının Azərbaycandan Türkiyəyə inşası davam edən böyük boru xəttinə calaşdırılmasından söhbət edirik”, - deyə B.Netanyahu Azərbaycan prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxışı zamanı bildirib.
Bütövlükdə baş nazir energetika sahəsində əməkdaşlığı hər iki ölkənin iqtisadiyyatını gücləndirə biləcək bir istiqamət hesab edir.
“Energetika bizim sıx şəkildə əməkdaşlıq etdiyimiz sahələrdən yalnız biridir”, - deyə B.Netanyahu qeyd edib.
Prezident İ.Əliyev, öz növbəsində vurğulayıb ki, “ticarət dövriyyəsi yaxşı səviyyədə olsa da, bu, əsasən Azərbaycandan İsrailə neft ixracına görədir. Biz bunu şaxələndirmək və artırmaq üçün işləməliyik”.
“Bizim kənd təsərrüfatı sahəsində əməkdaşlıqda çox yaxşı perspektivlərimiz var. İsrail çox müasir texnologiyalara malikdir, biz onların bəzilərindən istifadə edirik, bəziləri ola bilsin ki, Azərbaycana bir müddət sonra gətiriləcək. Bu sahədə əməkdaşlıq üçün yaxşı perspektivlər var”, - deyə dövlət başçısı bildirib.
O, həmçinin bəyan edib ki, turizm potensial inkişaf üçün əsas sahələrdən biridir.
“Əminəm ki, İsrail ilə Azərbaycan arasında birbaşa uçuşlar hər iki istiqamətdə turistlərin sayının artmasına kömək edəcək”, - deyə İ.Əliyev vurğulayıb. **
F.İsazadə