Azərbaycanda buğdanın idxalı və satışına, eləcə də un və çörəyin istehsalı və satışına ƏDV üzrə güzəştlərin daha 3 il – 2019-cu il dekabrın 31-dək uzadılması təklif edilir.
Hazırda bu güzəştlər 2017-ci il yanvarın 1-dək qüvvədədir.
«Buğdanın idxalı və satışı, un və çörəyin istehsalı və satışının daha 3 il müddətinə ƏDV-dən azad edilməsi təklif edilir», - deyə vergilər naziri Fazil Məmmədov parlamentin profil komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı bildirib.
Qeyd edək ki, 2016-cı ilin yanvar ayından Azərbaycanda buğdanın idxalı və satışı, un və çörəyin istehsalı və satışı ƏDV-dən azad edilib. Bu güzəştlər çörək və unun qiymətinin artırılmasının qarşısını almaq üçün tətbiq edilir.
Nazir əlavə edib ki, hökumət 1 yanvar 2017-ci il tarixindən quş ətinin satışının 3 il müddətinə ƏDV-dən azad edilməsini təklif edir.*
A.Axudnov