2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 28 mlrd. 832,9 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,9% artıb, neft sektorunda isə 1,3% azalıb.
Yanvar-noyabr aylarında məhsulun 65,4%-i mədənçıxarma bölməsində, 28,5 %-i emal bölməsində, 5,3%-i elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,8%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.
Emal sektorunda qida məhsullarının istehsalı 4,1%, toxuculuq sənayesi məhsullarının istehsalı 2,6 dəfə, geyim istehsalı 39,1%, ağacın emalı və ağacdan məmulatların istehsalı 23,1%, kağız və karton istehsalı 7,3 faiz, poliqrafiya məhsullarının istehsalı 1,7%, azır metal məmulatlarının istehsalı 18,9% kompyuter və elektron məhsulların istehsalı 10,6%, elektrik avadanlıqlarının istehsalı 3,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 41,9%, mebel istehsalı 10,7%, metallurgiya məıhsullarının istehsalı 2% artıb.
Hesabat dövründə içkilərin istehsalı 12,9%, tütün məmulatlarının istehsalı 12,6%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 65,9%, kimya sənayesi məhsullarının istehsalı 14,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,9%, tikinti materiallarının istehsalı 11,4%, maşın və avadanlıqların istehsalı isə 14,5% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,4% azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,8% artıb. **
A.Əzizov