Vergilər Nazirliyi il ərzində həcmi 500 min manatdan artıq əqdlər üzrə transfert qiymətqoyulmanın (Funds Transfer Pricing) tətbiqini təklif edir. Bu barədə vergilər naziri Fazil Məmmədov bu gün bəyan edib.
“Transfert qiymətlərini vergi ödəyicisinin il ərzində bir şəxslə əməliyyat həcminin 500 min manatı ötəcəyi halda tətbiq etmək təklif olunur”, - deyə F.Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergi qanunvericliyinə dəyişikliklər paketinin təqdimatı zamanı bildirib.
Onun sözlərinə görə, hazırki qanunvericilik rezident vergi ödəyiciləri və vergi ödəyiciləri arasında xərclər və gəlirlərin düzgün bölüşdürülməsi, həmin xərclər və gəlirlərin bazar qiymətlərinə uyğunluğuna nəzarət etməyə imkan vermir.
“Bu cür faktların qarşısını almaq məqsədilə qanunvericiliyə transfert qiymətlərinə dair maddələnin daxil edilməsi təklif olunur. Həmin maddələr həmçinin ofşor zonalarda qeydiyyata alınan vergi ödəyicilərinin əməliyyatlarına aid olacaq”, - deyə F.Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, bu məqsədlə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının(OECD)tövsiyyələri, beynəlxalq ekspertlərin rəyləri öyrənilib.
Transfert qiymətlərinin müəyyən edilməsi qaydaları gələcəkdə təsdiq olunacaq. **
A.Axundov