2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin sayı 0,9% və ya 88,2 min nəfər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Noyabrın 1-nə əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfərdir.
Əhalinin 53,1%-i şəhər, 46,9%-i isə kənd sakinləridir. Əhalinin 49,8%-ni kişilər, 50,2%-ni qadınlar təşkil edir.
Hazırda hər 1000 kişiyə orta hesabla 1007 qadın düşür.
Yanvar-oktyabr aylarında ölkə üzrə 133,3 min, yaxud hər gün orta hesabla 437 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 16,5 təşkil edib. Doğulan körpələrin 53,3%-i oğlan, 46,7%-i isə qız uşaqlarından ibarətdir. Körpələrin 2306-sı əkiz, 57-si isə üçəm doğulanlardır.
Qeyd olunan dövrdə 46,5 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 5,8 təşkil edib.
10 ay ərzində ölkədə qeydiyyat şöbələri tərəfindən 56,2 min nikah və 10,7 min boşanma halı qeydə alınıb.
Yanvar-oktyabr aylarında Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2,948 min nəfər gələn və 1,589 min nəfər ölkədən gedən qeydə alınıb.*
R.Babayev